bazar ertəsi 29 iyun 2026 - 14:53
Mərhum Ayətullah Misbah Yəzdi: Nə üçün İmam Səccadın (ə) Şamdakı xütbəsi təsirli oldu, amma İmam Hüseynin (ə) Kufədəki çıxışları olmadı?

Hövzə | Mərhum Ayətullah Misbah Yəzdi bildirib ki, bütün cəmiyyətlərdə insanlar iman, mərifət və dəyərlərə bağlılıq baxımından eyni olmurlar. O izah edib ki, Kufədə Əhli-beyti (ə) sevən və mömin insanların olmasına baxmayaraq, həzrət Müslimin (ə) şəhadətindən sonra hökm sürən ağır repressiya və qorxu mühiti İmam Hüseynin (ə) sözlərinin geniş təsir göstərməsinə imkan verməmişdi.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, mərhum Ayətullah Misbah Yəzdi (r) Əhli-beytin (ə) Kufə və Şamdakı xütbələrinin təsir fərqini izah edərkən, cəmiyyətin sosial şəraitinin, insanların məlumatlılıq səviyyəsinin və hər bir mühitdə hökm sürən ab-havanın mühüm rol oynadığını vurğulayıb.

Sual: Nə üçün həzrət İmam Səccadın (ə) Şamda söylədiyi bir xütbə bu qədər böyük təsir göstərdi, lakin Kufədə İmam Hüseynin (ə) və onun səhabələrinin çıxışları ciddi təsir bağışlamadı?

Mərhum Ayətullah Misbah Yəzdinin (r) cavabı:

Mərhum Ayətullah Misbah Yəzdi: Nə üçün İmam Səccadın (ə) Şamdakı xütbəsi təsirli oldu, amma İmam Hüseynin (ə) Kufədəki çıxışları olmadı?

Birinci məqam

Əvvəla, ümumi şəkildə demək olar ki, bütün cəmiyyətlərdə güclü dəyərlər sistemi hakim olduqda, insanların həmin dəyərlərə bağlılığı və onlardan təsirlənmə səviyyəsi eyni olmur.

Həzrət Peyğəmbərin (s) yanında illərlə – bəziləri 23 il, bəziləri isə daha az müddətdə, gənclik dövrünə qədər – tərbiyə alan insanlar iman, mərifət və dini dəyərlərə bağlılıq baxımından bir-birindən çox fərqlənirdilər. İmanın ən yüksək mərhələsinə çatanlar çox az idi. İslama düşmənçilik edən və onunla mübarizə naminə hər şeydən keçməyə hazır olanlar da olduqca az idi. İnsanların böyük əksəriyyəti isə bu iki qütb arasında, müxtəlif səviyyələrdə yer alırdı.

İkinci məqam: Cəmiyyətin rəhbərlərlə əlaqəsi

Bir cəmiyyətin öz rəhbərləri ilə münasibəti, eləcədə onlara nə dərəcədə tabe olması və ya qarşı çıxması insanların elm, əxlaqi və dəyər baxımından inkişaf səviyyəsindən asılıdır. Əgər bir cəmiyyətdə insanların əksəriyyəti əxlaq və mənəvi baxımdan zəif olsa və hakimlər də onların səviyyəsində olsalar, belə cəmiyyətlərdə hakimiyyətlə xalq arasında ciddi qarşıdurmalar az baş verir.

Üçüncü məqam: Xüsusi şərait və seçkinlərin sarsılması

Bəzən cəmiyyətdə elə xüsusi şərait yaranır ki, hətta elita və ön sırada olan şəxslər də təhlükə ilə üzləşərək sarsılırlar. Qarşılaşmağa hazır olmadıqları belə vəziyyətlərdə hətta seçkinlər arasında da elələri olur ki, nə etməli olduqlarını bilmirlər, vəzifələrini müəyyən edə bilmirlər və ya şəraitin təsiri altına düşərək şəxsi maraqlarını qorumaq naminə susmağa üstünlük verirlər.

Bu üç məqama diqqət yetirməliyik ki, sözügedən sualın cavabını düzgün anlaya bilək.

Kufə əhalisinin vəziyyəti

Kufədə şübhəsiz ki, həzrət Əmirəl-mömininin (ə) çıxışlarından və həyat tərzindən birbaşa təsirlənmiş, yüksək iman mərtəbəsinə çatmış insanlar var idi. Lakin bu seçkin şəxslərin bir qismi Kərbəlaya gəldi. Digər bir qismi isə onların ardınca gedən, lakin həmin iman və mərifət səviyyəsinə çatmamış insanlar idi. Onlar da yaxşı və dindar insanlar idilər, Bəni-Üməyyəni Əli (ə) ailəsindən üstün tutmurdular. Ancaq Kufədə hökm sürən ağır təzyiq və qorxu mühiti onlardan hər cür müqavimət göstərmək gücünü almışdı. Xüsusilə həzrət Müslimin (ə) şəhadətindən sonra onların edə bildiyi ən son iş ya şəhərdən gizli şəkildə qaçmaq, ya da gizlənərək həyatlarını davam etdirmək idi.

Belə bir şəraitdə insanlardan gözləmək ki, bir xütbə və ya bir neçə çıxış onların vəziyyətini tamamilə dəyişsin, düzgün gözlənti deyil.

Şam əhalisinin vəziyyəti

Şam əhalisinə gəldikdə isə, onlar Əhli-beytə (ə) və ya İslama mahiyyət etibarilə düşmən deyildilər. Onlar İslamı əsasən Bəni-Üməyyənin təqdimatı ilə tanımışdılar və buna görə də mövcud hakimiyyətlə problemləri yox idi. Çünki insanların böyük əksəriyyəti həqiqəti araşdırmır, rəhbərlərin dediklərini qəbul edirdi.

Bununla belə, insanların çoxunun fitri xüsusiyyətləri hələ də qorunub saxlanmışdı. Hakimiyyət də onları ciddi şəkildə təzyiq altında saxlamır, ölkədə ağır qorxu və təhlükəsizlik mühiti yaratmağa ehtiyac duymurdu.

Məhz buna görə həzrət İmam Səccad (ə) həmin möhtəşəm xütbəni söyləmək imkanı əldə etdikdə, xalqın onu qəbul etməsi üçün münbit zəmin mövcud idi. Onların fitri xüsusiyyətləri tamamilə məhv edilməmişdi. Əksəriyyətinin azğınlığı düşmənçilikdən deyil, cəhalətdən qaynaqlanırdı. Cəhaləti aradan qaldıran amil ortaya çıxıb həqiqətlər onlara çatdırıldıqda, fitrətlərinin təsiri ilə bu həqiqətləri qəbul etdilər.

Nəticə: İki cəmiyyətdə kəlamın təsir fərqi

Kufə və Şamda söylənilən bu iki xütbənin fərqli təsir göstərməsi, Bəni-Üməyyə hakimiyyəti dövründə həmin iki şəhərdə formalaşmış fərqli ictimai şəraitlə bağlı idi.

Şam cəmiyyətində insanların fitri xüsusiyyətləri böyük ölçüdə qorunmuşdu və onların azğınlığı əsasən cəhalətdən irəli gəlirdi.

Kufədə isə xalq uzun illər davam edən ağır təzyiq və repressiyalar nəticəsində elə bir vəziyyətə salınmışdı ki, bu cür hidayətedici çıxışlar lazımi təsiri göstərə bilmirdi. Halbuki Şamda həmin çıxışlar, müəyyən də olsa, öz təsirini göstərirdi.

Videoya baxış və yükləmə:

Rəyiniz

You are replying to: .
captcha